“Dini azlıq” bizim üçün yad termindir | Müsahibə+VİDEO

// "Dindən siyasi məqsədlərlə istifadə həmişə mənfi nəticələr doğurur"

   “Dini azlıq” bizim üçün yad termindir    | Müsahibə+VİDEO
  09 Aprel 2024    Oxunub:6432
Son vaxtlar Azərbaycandakı dini vəziyyətlə bağlı qərəzli yanaşmaların şahidi oluruq. Qərbdə müxtəlif mənbələr guya bu istiqamətdə hansısa problemlərin olması barədə fikirlər ortaya atırlar. Reallıq isə tamam başqadır. Elə isə, həmin fikirlər haradan qaynaqlanır və məqsəd nədir?
Bu məsələlərə AzVision.az -a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə Şöbəsinin müdiri Cahandar Əlifzadə aydınlıq gətirib

- Azərbaycanda nə qədər dini azlıq var?
- “Dini azlıq” bizim üçün yad termindir. Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar fəaliyyətlərini sərbəst və azad şəkildə həyata keçirirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışdığım 16 il ərzində hansısa dini icmanın özünü “azlıq” adlandırmasını eşitməmişəm. Saylarından asılı olmayaraq, onların hər biri özlərini Azərbaycanın dini mühitinin tərkib hissəsi, harmonik cəmiyyətin müəyyən bir funksiyasını yerinə yetirən üzvü kimi görürlər.
Bu gün Azərbaycanda din sahəsində müsbət tendensiyalar yaşanır. Biz hər il bir mərhələ qabağa gedir və bu inkişafımızı da dünyaya təqdim edirik. Azərbaycanda din məsələsində “azlıq”, “çoxluq” anlayışı yoxdur. “Bərabər hüquq” anlayışı var. Ölkədə fəaliyyət göstərən bütün dini icmalar məsələyə belə yanaşırlar. Cəmiyyətdə də heç kim onlara “azlıq” demir.



- Ölkədə İslamdan başqa dinlərə inanan insanların yaratdığı nə qədər qurum var?
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1002 icma qeydiyyatdan keçib. Onların 995-i hazırda fəaliyyət göstərir. 7 icmanın qeydiyyatı özləri tərəfindən ləğv olunub. 37 icma İslamdan başqa dinə etiqad edənlər tərəfindən yaradılıb. Onlardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə Krişna dini icmasıdır. Hər birinin sərbəst fəaliyyət göstərməsi üçün qanunvericiliklə kifayət qədər şərait yaradılıb. Konstitusiyamızda bütün dinlərin bərabərliyi və insanların etiqad azadlığı təsbit olunub.
Bu gün Azərbaycanda qeyri-müsəlman dini icmalarının nümayəndələri cəmiyyətin aktiv üzvləridirlər. Onlar ibadət evləri yaradır, tədbirlər, dini mərasimlər həyata keçirir, təbliğat aparırlar. Ölkənin istənilən guşəsində onların fəaliyyəti üçün hər bir şərait yaradılıb.

- Onların fəaliyyəti hansı qanunlarla tənzimlənir?
- Azərbaycanda dini etiqad azadlığı haqqında qanun var. Eyni zamanda, digər qanunlarda dini etiqad azadlığı ilə bağlı müddəalar var. Həmçinin icmaların fəaliyyəti onların nizamnamələrilə tənzimlənir. Müsəlmanlar və qeyri-müsəlmanlar üçün fərqli qanunlar yoxdur, bütün dini icmalar bərabərhüquqludur.
Qərb standartlarında “dini azlıq” məsələsi xeyli qabardılsa da, bizim cəmiyyətdə heç müzakirə mövzusu belə deyil. Çünki cəmiyyətdə münasibətlərin qurulmasında rol oynamır.

- Dövlət bu məsələdə kifayət qədər tolerantdır. Bəs cəmiyyət necə?
- Bizim cəmiyyətdəki münasibətlər tolerantlıqdan da yüksək bir anlayışdır. Bizdə əks düşüncəyə dözməkdən söhbət getmir, xoş yanaşmaqdan söhbət gedir. Cəmiyyətdə harmoniya var. Beynəlxalq terminlə desək, bəli, tolerant xalqıq, amma reallıqda tolerantlıqdan da üstün keyfiyyətlərimiz mövcuddur. Siz bugünə qədər Azərbaycanda dini zəmində hansısa ciddi qarşıdurmanın yaranmasını görmüsünüzmü? Heç 100 il əvvələ baxanda da görmürük. Azərbaycanda ancaq qarşılıqlı xoş baxışın nümunələrini görə bilərik. Azərbaycan tarixində xidmətləri olan insanların da hamısı xalqdan hər zaman bunu istəyiblər.

- Qeyri-islam icmaları tərəfindən sizin quruma hüquqlarının pozulması ilə bağlı şikayətlər daxil olurmu?
- Çox nadir hallarda. Tam əminliklə deyə bilərəm ki, son 3-4 ildə belə şikayət olmayıb. Ona qədər olanlar isə hüquq pozuntusu yox, səhv başadüşülmə ilə bağlıdır. Məsələn, hansısa dini icmanın nümayəndəsi ucqar bir kəndə gedir və orada öz dinini təbliğ etməyə başlayanda yerli sakinlər hansısa quruma şikayət edirlər. Amma 2021, 2022, 2023-cü illərdə insanların dini etiqad azadlığının pozulması ilə bağlı heç bir şikayət olmayıb.

- Di gəl ki, ABŞ Dövlət Departamentində nəyə görəsə fərqli düşünürlər. Onların yanvar ayında açıqladıqları hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti mənfi qiymətləndirilirdi. Maraqlıdır, niyə?
- Hesabatın texniki, siyasi və digər parametrlərini qiymətləndirmək olar. Bu hesabatlar hazırlanarkən ABŞ-ın qurumları ilə təmaslarımız olur və fikirlərimizi onlara çatdırırıq. Əsas problem hesabat müəlliflərinin Azərbaycandan informasiya aldıqları mənbələrlə bağlıdır. Məsələn, deyirlər ki, Azərbaycanda yaşı 65-dən yuxarı olan insanların həcc ziyarətinə məhdudiyyət yaradılır. Halbuki, bu məhdudiyyətin Azərbaycanla heç bir əlaqəsi yoxdur, onu Həcc ziyarətini təşkil edən tərəf – Səudiyyə Ərəbistanı insanların sağlamlığını nəzərə alaraq tətbiq edib.

Və yaxud, deyilir ki, Azərbaycanda protestantların, yevangelistlərin dini icma yaratmasına imkan verilmir. Ancaq son illərdə bizə bu məsələ ilə bağlı bizə heç bir müraciət edilməyib. Tam əminliklə deyirəm ki, belə bir fakt yoxdur. Hətta tam əksinə: biz ölkədə fəaliyyət göstərən xristian icmalarının qeydiyyatdan keçmələri üçün onlara yardım göstəririk. Amma onları buna məcbur edə bilmərik axı! Dini icmanın qeydiyyatı könüllü olmalıdır.

Departamentin hesabatındakı digər məqam işğaldan azad olunmuş ərazilərdəki dini abidələrlə bağlıdır. Onlara hansısa xətər toxundurulması barədə iddialar tamamilə absurddur. Çünki onlar bizim tariximizin bir parçası olan alban-xristian abidələridirlər və əksəriyyəti Nazirlər Kabineti tərəfindən qorunan irs siyahısına daxil edilib. Necə ola bilər ki, Azərbaycan öz tarixi-mədəni irsini dağıtmağa çalışsın?

Halbuki, 30 illik işğal ərzində həmin abidələrə çox böyük ziyanın vurulduğunu görmək istəmirlər. Biz hazırda həmin abidələri bərpa edirik. Təkcə Şuşa şəhərindəki kilsənin bərpasını göstərmək bəs edər.

Təbii ki, bu cür hesabatların arxasında siyasi amillər dayanır. Bu məsələyə bir vətəndaş kimi münasibət bildirə bilərəm ki, dindən siyasi məqsədlərlə istifadə həmişə çox mənfi nəticələr doğurur. Bu gün Azərbaycanda baş verən proseslərə din üzərindən də müdaxilə etməyə çalışırlar. Amma bizim bütün fəaliyyətimiz insanların din azadlığının qorunmasına yönəlib və bu ideyanı təkcə ölkə daxilində deyil, keçirdiyimiz tədbirlərlə xaricdə də təbliğ edirik.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Din   Dini-azadlıq  





Xəbər lenti